İman gətirənlərin yol göstəricisi yalnızca Allahın elçiləri və Qurandır. Allah Quranda iman gətirənlərin “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbmi istərəm?” (Ənam surəsi, 164) dediklərini bildirmişdir.

İnkar edənlər isə müxtəlif insanları özlərinə nümunə götürərək Allaha şərik qoşur və batil inancları mənimsəyirlər. Lakin sonsuz cəhənnəm əzabını gördükləri zaman günahlarını etiraf edəcək və peşman olduqlarını bildirəcəklər. Bu bir ayədə belə xəbər verilir: “... Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar...” (Əhzab surəsi, 67)

İnsanlar yaşadıqları cəmiyyətin qərəzli mühakimələrinə və batil ənənələrinə görə axirətdə qarşılaşacaqları bu həqiqətləri görməzliyə vururlar. Əcdadlarının və ətraflarındakı bəzi insanların yanlış əməllərini özlərinə nümunə götürərək doğru yoldan azırlar. Halbuki Qurana uyğun olmayan hər şey yanlışdır.

İman gətirənlər isə hər zaman Allahın əmrinə əsasən davranır və Quranda qadağan edilən düşüncə və davranışdan uzaq dururlar. Hər hansı işə qərar verərkən Allahın əmrini düşünür, dərhal Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə üz tuturlar. Allah Quranda inananlara belə əmr etmişdir:

Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm edilsin! (Ənam surəsi, 155)

Doğru yoldan azan insanlar Allahın hökmlərini qəbul etmir, onlara qarşı çıxır və ya Qurandankənar hökmlər uydururlar. Onlar cəmiyyətin qayda və qanunlarını Allahın hökmlərindən daha üstün tuturlar. Vicdanları həqiqəti qəbul etsə də kibirli, xurafatçı olduqlarına görə ən gözəl və doğru olan hökmü inkar edirlər. Allah Quranda bu insanlar haqqında belə buyurur:

Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)

Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər. (Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”. (Zuxruf surəsi, 23-24)

Bu yanlış düşüncə bəzi insanların iman gətirmələrinə mane olmuşdur. Məsələn, hz. Musa (əs) ilə qardaşı hz. Harun (əs) qövmlərini bir olan Allaha ibadət və qulluq etməyə dəvət etdikdə firon, eləcə də ətrafındakılar belə cavab vermişlər: “... Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik” (Yunus surəsi, 78)

Hz. Şueybə (əs) də öz qövmünün “Ey Şueyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?” (Hud surəsi, 87) deyərək qarşı çıxdığı ayədə bildirilir. Bu ayələrdən də məlum olur ki, bir çox insan Allahın hökmlərini çatdıran peyğəmbərlərə “sənin dediklərin atalarımızın və babalarımızın yoluna ziddir, ona görə də onu qəbul etmərik” kimi cavablar vermişdir. Onlar hər dövrdə elçilərin təbliğinə qarşı çıxmış və inkar etmiş, tutduqları yoldan da əl çəkməmişlər. Halbuki bütün peyğəmbərlər insanları yalnız Allaha ibadət etməyə dəvət ediblər.

Peyğəmbərimiz hz. Muhəmməd (səv) də insanları Allaha yönəlməyə və Onun hökmlərinə əməl etməyə dəvət etmişdir. Quranda hesab günü insanların Allahın hökmləri əsasında sorğu-sual ediləcəyi bildirilir. Allah Ona şərik qoşanları və özlərindən yeni, azğın bir din uyduranları belə xəbərdar edir:

Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir. (Şura surəsi, 21)

Rəbbimiz başqa ayədə də belə buyurur:

Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır. (Ənkəbut surəsi, 51)

Ayələrdən də göründüyü kimi, elçilərə tabe olmayan bəzi insanlar peyğəmbərləri onların batil dinlərini pozmaqda ittiham edirlər. Bəzən isə Allahın və Onun elçisinin dedikləri ilə qane olmayaraq özlərindən yeni bir din uydururlar. Bu isə böyük günahdır. Halbuki, “Ənkəbut” surəsində də bildirildiyi kimi, Allahın endirdiyi kitab insanlara kifayətdir.

İmanlı insan üçün başqalarının inancı əhəmiyyətli deyil. Önəmli olan Allahın Quranda bildirdikləri və Peyğəmbərimizin (səv) sünnəsidir. Allah Quran endirildiyi dövrdə bir çox batil inancları ortadan qaldırmış, Peyğəmbərimiz (səv) də insanların böhtan və rəftarlarına əhəmiyyət verməyərək Allaha və Qurana sadiq qalmışdır. (www.islamexlaqi.com)

Dövrümüzdə də iman gətirənlər Allaha, Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə tabe olmalı, Qurandankənar hər hansı bir yol axtarmamalıdırlar.

Çoxluğa tabe olmaq yanlışdır

Bir çox insanın ən böyük səhvlərindən biri çoxluğun hər zaman doğru olduğunu zənn etməsidir. Halbuki Allah Quranda əksər insanların doğru yolda olmadığını bildirmişdir:“Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.” (Ənam surəsi, 116). Yəni çoxluğun verdiyi qərar Qurana uyğun deyilsə, heç bir şəkildə doğru ola bilməz. Minlərlə, hətta yüz milyonlarla insan eyni cür düşünsə də, bu, o düşüncənin doğru olduğunu göstərmir. Ayədə də əksər insanların yalnızca zənnə qapılaraq qərar verdiyi və bir çoxlarını doğru yoldan azdırdığı bildirilir.

Çoxluğa uyaraq Allahın əmrlərini tərk etmək insanları dünya və axirətdə böyük ziyana düçar edir. Bu insanlar “... Onlar özlərini ziyana uğratdılar. Uydurduqları (bütlər) isə onlardan uzaqlaşıb qeyb olacaqlar.” (Əraf surəsi, 53) ayəsində bildirildiyi kimi, tək-tənha qalacaqlar. Allahın endirdiyini öz uydurduqları ilə dəyişdirənlərin axirətdəki vəziyyəti ayələrdə belə bildirilir:

Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Allahın lənəti olsun zalımlara! (Hud surəsi, 18)

Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur? (Ənkəbut surəsi, 68)

Möminlər isə Allahın hökmlərinə səmimi qəlbdən tabe olurlar. Onların bu gözəl əxlaqı ayələrdə belə bildirilmişdir:

... Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə camaatımız arasında ədalətlə hökm ver. Axı Sən, hökm verənlərin ən yaxşısısan. (Əraf surəsi, 89)

... “Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”. (Yusif surəsi, 67)

De: “Ey göyləri və yeri Yaradan, qeybi və aşkarı Bilən Allahım! Qullarının arasında baş verən ziddiyyətlərlə bağlı hökmü yalnız Sən verəcəksən!” (Zumər surəsi, 46)

Allah adından hökm verənlər

Qeyd etdiyimiz kimi, bəzi insanlar özlərindən batil hökmlər, halal və haramlar uydurur, Allahın Quranda halal buyurduğuna haram, haram buyurduğuna isə halal deyirlər. Peyğəmbərimizin (səv) sünnəsini isə tamamilə görməzliyə vururlar. Bununla dini dəyişməyə çalışır, özünəməxsus inanc və əməlləri olan batil bir din formalaşdırırlar. Allahın haqq dinini bilməyən, Quran ayələrindən və Peyğəmbərimiz hz. Muhəmmədin (səv) həyatından xəbərdar olmayan insanlar isə bunun batil din olduğunun fərqinə varmırlar. Həmin insanların təlqinlərinə aldanır və düşünmədən onların ardınca gedirlər. Beləliklə, Allah adından hökm verənlər özləri ilə yanaşı böyük kütləni də günaha doğru sürükləyirlər. Allah bu insanların vəziyyətini “Ali İmran” surəsində belə bildirmişdir:

Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!” – deyirlər. Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar. (Ali İmran surəsi, 78)

Haqq din Quranda ətraflı izah edilmişdir. Bəziləri isə atalarından qalan batil inanclarından əl çəkmirlər. Hətta bu insanlar Allaha qarşı çirkin böhtanlar da atırlar. Allahı lazımi qədər düşünmədiklərinə görə doğrunu yanlışdan ayırd edə bilmirlər. Buna görə də Quran əxlaqına uyğun olmayan bir çox batil inanc uyduraraq həm özlərini, həm də cahil kütlələri batil əməllərə yönəldir, halalı haram, haramı da halal edirlər. Bununla bağlı bəzi ayələr bunlardır:

Onlar öz (batil) iddialarına görə: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz”– deyirlər. (Müşriklər) mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də (kəsərkən) üstündə Allahın adını çəkmirlər. Onlar (bunu) Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır. Onlar: “Bu mal-qaranın qarınlarındakı (balalar) kişilərimizə halal, qadınlarımıza isə haramdır”– deyirlər. Əgər o (bala) ölü doğularsa, hamısı onu (yeməyə) şərik olurlar. Allah onları (bu) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir. (Ənam surəsi, 138-139)

... Allahın onlara verdiyi ruzini Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar azmış, doğru yolu tapa bilməmişlər. (Ənam surəsi, 140)

Ayələrdə də bildirildiyi kimi, bəzi insanlar özlərindən halal və haramlar uyduraraq Allaha qarşı böhtanlar atırlar. Halbuki Allah insanlara həddi aşmamağı, gözəl və təmiz olan nemətləri haram etməməyi əmr etmişdir:

Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir. (Maidə surəsi, 87)

Lakin ayələrdə etdiklərinin cəzasını mütləq çəkəcəkləri də bildirilmişdir. “Ənam” surəsində bu insanlar haqqında belə buyurulur:

Dəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı (balaları)? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım camaatı doğru yola yönəltməz. (Ənam surəsi, 144)

Bir çox insan Allah adından hökm verməyə və bilmədikləri şeyləri dinə aid etməyə çalışır. Buna görə də insanın fitrətini ən yaxşı bilən Allah Quranda “Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz.” (Nəhl surəsi, 116) ayəsi ilə insanları xəbərdar etmişdir. Başqa ayədə isə Allah belə buyurur:

Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz? Məgər düşünüb ibrət almayacaqsınız? Yoxsa sizin aydın bir dəliliniz vardır? Əgər doğru deyirsinizsə, kitabınızı gətirin! (Saffat surəsi, 154-157)

Tək hökm verən Allah`dır və Allah`ın hökmləri ayələrdə son dərəcə açıq və başa düşülən şəkildə verilmişdir. Peyğəmbərimizin (səv) sünnəsi də göz qabağındadır. Halal və haramlar bir-birindən açıq-aydın şəkildə ayrılmış və insanların tərəddüd etməsinə səbəb olan heç bir xüsusa da yol verilməmişdir. İnsanlar hər bir hökmün doğru olub-olmadığını Quran və Peyğəmbərimizin (səv) sünnəsinə baxıb anlaya bilərlər. Bu, Allah`ın insanlara verdiyi asanlıq və böyük rəhmətdir. Necə ki, Peyğəmbərimiz (səv) bir hədisində tək rəhbər və mənbə olaraq Qurana tabe olmağı belə ifadə etmişdir:

Sizə üz tutduğunuz zaman əsla dəlalətə düşməyəcəyiniz şeyi buraxdım: Allahın kitabı Quran və Əhli-beytim. (Ramuz El-Ehadis 1-ci cild, səh. 250, no. 8)

Quran bütün dövrlərə xitab edən bir kitabdır. Buna görə də yanlış hökm verənlərdən bəhs edən ayələrin dövrümüzə aid hikmətləri üzərində diqqətlə düşünmək lazımdır. Quranda keçmiş qövmlərin sahib olduğu düşüncələr, batil din və inancları hərtərəfli izah edilir. Lakin hal-hazırda da Quranı və Peyğəmbərimizin (səv) sünnəsini yeganə mənbə olaraq qəbul etməyən, buna görə də yanlış hökmlər irəli sürən insanlar var. Hətta bəziləri Quranın və Peyğəmbərimizin (səv) sünnəsinin əvəzinə həyatı boyunca eşidib gördüklərini əsas alırlar. Bu batil dini onların gündəlik söhbətlərində də görmək mümkündür. Məsələn, bir çox insanlar yalan danışmaqdan çəkinmir və bunun Allah qatında cəzasının olduğunu düşünmürlər. “Bu qədəri günah deyil” məntiqi ilə hərəkət edir və ya “şirin yalan” adlandıraraq bunun günah olmadığını bildirirlər. Halbuki Allah Quranda yalan danışmağın haram olduğunu açıq-aşkar bildirmişdir. (www.qurandaixlas.com)

Bəzən isə Allahın bəyənmədiyi bir işi başqasına gördürmək istəyən adam “sən et, günahı mənim boynuma” kimi ifadə işlədir. Lakin Allah “Heç bir günahkar başqasının günah yükünü daşımaz...” (Fatir surəsi, 18) ayəsi ilə Öz hökmünü bildirmişdir. Qısası, Qurana tabe olan, Peyğəmbərimizin (səv) yolunu izləyən və Allahın ayələrinə iman gətirən insan Allahın hökmlərinə görə davranmalıdır. Lakin uydurduqları batil dini yaşayan insanlar elçilərin yalan danışdığını və dini dəyişdirməyə çalışdıqlarını deyərək onları günahlandırırlar. Bu, Quran ayələrində belə qeyd edilmişdir:

Öz aralarından onlara xəbərdarlıq edən (bir peyğəmbər) gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”. Onların adlı-sanlı adamları çıxıb gedərək (dedilər): “Gedin öz məbudlarınızla səbrlə davranın. Doğrusu, bu (sizdən) istənilən bir şeydir. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil. Məgər içimizdən təkcə onamı Zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar. (Sad surəsi, 4-8)

Ayələrdə bəhs edilən insanlar dinə bağlılıqlarına görə belə etdiklərini iddia edirlər. Bunun səbəbi Allahın Quranda bildirdiyi həqiqi dini bilməmələridir. Allahın hökmlərini görməzliyə vuran və ya mənfəətlərinə zidd olduğu üçün yeni hökm çıxaranlar Allahı və endirdiyi kitabı tanımayan insanlardır. Onlar bütün kainatı yoxdan yaradan Rəbbimizin hər şeyə qadir olduğunu, elmi ilə hər tərəfi əhatə etdiyini və gizlinin gizlisini bildiyini dərk etmirlər. Onların bildiyi yalnızca bir neçə xurafatdan və qərəzli mühakimədən ibarətdir.

Halbuki Allah Quranda belə buyurur:

Rəbbindən sənə vəhy olunana tabe ol! Ondan başqa ilah yoxdur. Müşriklərdən isə üz çevir. (Ənam surəsi, 106)