ALLAH ADINA HÖKM VERƏNLƏR
Əvvəlki hissələrdə də vurğuladığımız kimi, bir qrup insan özlərindən dində olmayan batil hökmlər, halal və haramlar çıxarır, Allahın Quranda halal buyurduğuna haram, haram buyurduğuna da halal deyirlər. Peyğəmbərimizin (səv) sünnəsini isə tamamilə görməzlikdən gəlirlər. Bunu etməklə dini əslindən uzaqlaşdırmağa çalışır, özünə xas inanc və əməlləri olan batil din yaradırlar. Allahın endirdiyi haqq dini bilməyən, Quran ayələrindən və peyğəmbərimiz hz. Muhəmmədin həyatından xəbərdar olmayan insanlar isə bunun batil din olduğunun fərqində olmurlar. Bu şəxslərin təlqinlərinə aldanır və düşünmədən onların ardınca gedirlər. Beləliklə, Allah adından hökm verənlər özləri ilə yanaşı, böyük kütləni də günah və üsyana sürükləyirlər. Allah bu şəxslərin vəziyyətini “Ali-İmran” surəsində belə bildirir:
Onlardan bir zümrə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə, Kitab oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!”- deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.
Quranda bütün xüsusiyyətləri ilə açıqlanan haqq dini özlərinə ölçü götürməyən və atalarından qalma batil inancları israrla davam etdirən bəzi cəmiyyətlər daha da irəli gedib Allaha çirkin iftiralar atırlar. Ağıl və vicdanlarını istifadə etmir, quran əxlaqına uyğun olmayan bir çox batil inanc çıxarır, təkcə özlərini deyil, cahil kütlələri də batil əməllərə yönəldirlər. Halalı haram, haramı da halal edir, yalan danışaraq dini zərər verməyə çalışırlar. Bir sözlə, Allahı haqqı ilə təqdir etmirlər. Bu mövzu ilə bağlı bəzi ayələr bunlardır:
Onlar öz batil iddialarına görə: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz” – deyirlər. Müşriklər mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də kəsərkən üstündə Allahın adını çəkmirlər. Onlar bunu Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır. Onlar: “Bu mal-qaranın qarınlarındakı balalar kişilərimizə halal, qadınlarımıza isə haramdır”- deyirlər. Əgər o bala ölü doğularsa, hamısı onu yeməyə şərik olurlar. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir. (Ənam surəsi, 138-139)
...Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar azmış, doğru yolu tapa bilməmişlər. (Ənam surəsi, 140)
Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, insanların bir qismi özlərindən halallar və haramlar uyduraraq Allaha böyük iftira atırlar. Halbuki, Allah insanlara həddi aşmamağı və gözəl olan təmiz şeyləri haram etməməyi əmr etmişdir:
Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz! (Maidə surəsi 87)
Lakin onların etdiklərinin qarşılığı da ayədə açıq şəkildə bildirilmiş, cəzalarını mütləq çəkəcəkləri xəbər verilmişdir. “Ənam” surəsində həmin şəxslərin heç bir məlumata əsaslanmadan etdikləri bu böyük zülm haqqında belə nümunə verilir:
Bir cüt dəvə və bir cüt inək. De: “İki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz? Heç bir biliyi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz! (Ənam surəsi, 144)
Ayələrdə də göründüyü kimi, insanların bir çoxu Allah adına hökm verməyə və bilmədikləri şeyləri dinə aid etməyə meyillidirlər. Bu səbəbdən insan fitrətini ən yaxşı bilən Allah Quranda “Diliniz yalana vərdiş etdiyi üçün: “Bu, halaldır, o, haramdır!” – deməyin, çünki Allaha iftira atmış olursunuz” (Nəhl surəsi, 116) ayəsi ilə insanları xəbərdar etmişdir. Bir başqa ayədə Allah belə buyurur:
Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz? Heç düşünürsünüz?! Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?! Əgər doğru danışırsınızsa, kitabınızı gətirin (Saffat surəsi, 154-157)
Tək hökm verən Allahdır və Allahın hökmləri ayələrdə çox açıq və başa düşülən şəkildə verilmişdir. Peyğəmbərimizin (səv) sünnəsi də göz qabağındadır. Halal və haramlar bir-birindən aydın şəkildə ayrılmış və insanların tərəddüd etməsinə səbəb olan heç bir əlamətə yer verilməmişdir. İnsanlar hər bir hökmün doğru olub-olmadığını Quran və Peyğəmbərimizin (səv) sünnəsinə baxıb anlaya bilərlər. Bu, Allahın insanlara verdiyi asanlıq və böyük rəhmətdir. Necə ki, Peyğəmbərimiz (səv) bir hədisində tək rəhbər və mənbə olaraq Qurana tabe olmağı belə ifadə etmişdir:
Sizə üz tutduğunuz zaman əsla dəlalətə düşməyəcəyiniz şeyi buraxdım: Allahın kitabı Quran və Əhli-beytim. (Ramuz el-ehadis 1-ci cilt, seh. 250, no. 8)
Quran endirildiyi gündən etibarən bütün dövr və zamanlara xitab edən bir kitabdır. Buna görə Allahın tək hökmverici olduğunu və Allah adına hökm verənlərin aqibətindən bəhs edən ayələrin dövrümüzə baxan hikmətlərini diqqətlə düşünmək lazımdır. Quranda keçmiş cəmiyyətlərin düşüncə və dünyagörüşləri, batil din və inancları ətraflı olaraq xəbər verilir. Lakin bu gün belə, Quranı və Peyğəmbərimizin (səv) sünnəsini tək mənbə olaraq qəbul etmədiyi üçün din adına yanlış hökm və zidd məntiqlər ortaya çıxaran insanlar vardır. Xüsusilə bəzi cəmiyyətlərdə yayılmış batil din anlayışından dolayı, insanlar Quranın və Peyğəmbərimizin (səv) sünnəsinin əvəzinə, ömrü boyu eşidib gördüklərini ölçü götürürlər. Bu batil anlayışı insanların gündəlik söhbətlərində belə görmək mümkündür. Məsələn, insanların bir çoxu yalan danışmaqdan çəkinmir, yalan deyəndə bunun Allah qatında cəzasının olacağını düşünmürlər və “bu qədəri günah deyildir” məntiqi ilə hərəkət edirlər. Yaxud da “şirin yalan” deyə ad uydurub bunun günah olmadığını deyirlər. Halbuki, yanılırlar. Allah Quranda yalan danışmağın haram olduğunu açıq şəkildə bildirmişdir. (www.derinelmleiman.com)
Bundan başqa, yanındakı şəxsə Allahın xoşlanmadığı bir işi etdirmək istəyən adam “sən et, günahı mənim boynuma” kimi ifadə işlədir. Ancaq Allah “...Heç bir günahkar başqasının günahını daşımaz...” (Fatir surəsi, 18) ayəsi ilə bu mövzudakı hökmünü bildirmişdir. Dolayısilə, Qurana tabe olan, Peyğəmbərimizin (səv) yolunu izləyən və Allahın ayələrinə iman gətirən insan Allahın bu hökmlərinə uyğun davranmalı, Quran və Peyğəmbərimizin (səv) sünnəsinə zidd olan heç bir söz və hərəkətə yol verməməlidir.
Öz uydurduğu batil dini yaşayan həmin insanlar elçiləri dini dəyişdirib yalan danışmaqla günahlandırıblar. Ayələrdə belə buyurulur:
Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”. Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil. Məgər içimizdən təkcə onamı zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar. (Sad surəsi, 4-8)
Ayələrdə bəhsi keçən insanlar dinə bağlılıqlarından dolayı belə etdiklərini iddia edirlər. Bunun səbəbi Allahın Quranda bildirdiyi gerçək dini bilməmələridir. Allahın hökmlərini görməzlikdən gələn və ya şəxsi mənfəətlərinə zidd olduğu üçün bu hökmlərdən xoşlanmayıb yenisini çıxaranlar Allahı və endirdiyi kitabı tanımayan insanlardır. Onlar bütün kainatı yoxdan var edən Rəbbimizin hər şeyə qadir olduğunu, elmi ilə hər yeri əhatə etdiyini, gizlinin gizlisini bildiyini təqdir etmirlər. Onların bildiyi sadəcə bir neçə xurafat və ön mühakimədən ibarətdir.
Halbuki, Allah insanlara belə buyurur:
Rəbbindən sənə vəhy edilənə tabe ol. Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir! (Ənam surəsi, 106)