NÜMUNƏVİ QURAN NƏSLİ YETİŞDİRMƏYİN ƏHƏMİYYƏTİ
Əksər insanlar başqalarını nümunə götürərək ona bənzəməyə çalışırlar. Hətta onların həyat tərzinə pərəstiş edərək danışıq üslublarını və davranışlarını təqlid edirlər. Lakin bu, insanlara ya bir çox çatışmayan cəhəti olan, ya da tamamilə yalnış əxlaqi xüsusiyyətlər qazandırır. İnsanlar üçün ən gözəl nümunə Peyğəmbərimiz hz. Muhəmmədin (səv) gözəl əxlaqıdır. Bu əxlaqın mənbəyi isə Qurandır. Peyğəmbərimiz (səv) və möminlər Quranı özlərinə rəhbər tutmuş və Quran əxlaqını mənimsəmişlər. Onlar Allahdan qorxan və Ona dərin sevgi bəsləyən vicdanlı insanlardır. Allah iman gətirənləri “Yer üzünün varisləri” (Ənam surəsi, 165) etmiş, onlara həm dünyada, həm də axirətdə izzət və şərəf vermişdir.
Peyğəmbərimizə (səv) tabe olan cəmiyyətlərdə sevgi, ədalət, xoşbəxtlik, dinclik, dostluq, qardaşlıq, şəfqət, mərhəmət və fədakarlıq kimi əxlaqi xüsusiyyətlər ən mükəmməl səviyyədə yaşanmışdır. Buna görə də həmin dövr “Səadət əsri” adlandırılıb. Allah Quranda ixlaslı möminləri belə müjdələyir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
Buna görə də Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə əsasən düşünən nəslin yetişməsi çox vacibdir. Peyğəmbərlərin əxlaqını nümunə götürən və yalnız Allahın rizasını qazanmağa çalışan müsəlman cəmiyyətinin xüsusiyyətləri Quran ayələrində təfsilatı ilə açıqlanmışdır:
-Yalnız Allaha ibadət edirlər. (Fatihə surəsi, 5)
- Allahı səmimi qəlbdən sevirlər. (Bəqərə surəsi, 165)
- Allaha təslim olublar. (Tövbə surəsi, 51)
- Allah qarşısında aciz olduqlarını bilirlər. (Cin surəsi, 22)
- Allahdan qorxur və Onun bəyənmədiyi əxlaqdan çəkinirlər. (Rad surəsi, 21)
- Hər vəziyyətdə Allaha şükür edirlər. (Bəqərə surəsi, 172)
- Anlayışlı, sevgi dolu və bağışlayan olurlar. (Hicr surəsi, 85)
- Təvazökardırlar (Furqan surəsi, 63)
- Mərhəmətli və həlim xasiyyətlidirlər (Tövbə surəsi, 128)
- Yaxşılığı əmr edib pislikdən çəkindirməyə çalışırlar. (Ali-İmran surəsi, 104)
- Birlik və bərabərlik tərəfdarıdırlar (Səf surəsi, 4)
- Günahkarlara qətiyyən arxa çıxmır, hər zaman haqq və ədaləti müdafiə edirlər. (Nisa surəsi, 105 və 58)
- Heç kimin haqqını yemirlər (Şüəra surəsi, 184)
- Sözlərinə sadiqdirlər (Bəqərə surəsi, 177)
- Boş şeylərdən üz çevirir, həmişə faydalı iş görürlər (Furqan surəsi, 72)
- Səbirlidirlər, çətinlikdən qətiyyən qorxmurlar. (Ali İmran surəsi, 146; Hud surəsi, 55)
Etibarlı və cəsurdurlar. (Yunus surəsi, 71)
- Dinlərinə bağlıdırlar (Əraf surəsi, 89)
- Fikirlərini zorla qəbul etdirmir, sözlə izah etməyə çalışırlar. (Nəhl surəsi, 125)
- Gördükləri işlərə görə mənfəət güdmürlər (Şura surəsi, 23)
- Haqqı söyləməkdən çəkinmirlər (Maidə surəsi, 54)
- Sənətdən və estetikadan zövq alırlar
- Təəssüb və xurafata qarşıdırlar
Bu xüsusiyyətləri daşıyan insanlar dünyanın bir çox yerində baş verən əxlaqi degenerasiyanın, müharibələrin, bəlaların, sıxıntıların, saxtakarlığın, zülmün, səfalətin yox olub, sülhün, təhlükəsizliyin, ədalətin, xoşbəxtliyin və qardaşlığın yer üzünə hakim olmasına vəsilə olacaqlar. Çünki Quran əxlaqı bəşəriyyətə gözəllik, maddi və mənəvi zənginlik gətirir. Əgər Quran əxlaqı dünyaya yayılsa, yer üzündəki bütün problemlər qısa müddətdə öz həllini tapar.
Allah Quranın “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!” (Bəqərə surəsi, 208) ayəsində insanları Quran əxlaqını yaşamağa dəvət etmişdir. (islamexlaqi.imanisaytlar.com)
İslama gələn insanlar cəmiyyətin adətlərinə, batil inanclarına deyil, Qurana və sünnəyə tabe olurlar. Əks təqdirdə, bir çox batil inanclara sahib, nəfsinin istəkləri ilə yaşayan, mistik etiqadlara inanan və kiçik hədəflərin ardınca gedən cəmiyyətlər formalaşacaq. Bu cəmiyyətlərdə isə xurafatçı, cahil, bəsirətsiz, qorxaq, dar düşüncəli, ağılsız, əxlaqsız və qərəzli mühakimə aparan nəsil meydana gələcəkdir. Aydındır ki, belə cəmiyyətlərdəki insanlar mədəni, xoşbəxt, dinc və təhlükəsiz həyat sürə bilməzlər.
Bədiüzzaman Səid Nursi bu mövzuda belə buyurmuşdur:
İslam millətinin səadəti yalnız İslamın təməl qanunları ilə ola bilər. Yoxsa ədalət və təhlükəsizlik məhv olar. Əxlaqsızlıq və pis xüsusiyyətlər üstün gələr. İş yalançı və yaltaqların əlində qalar. (Hutbe-i Şamiye, səh. 79)
Buna görə də səmimi iman gətirən insan daim Allaha şükür etməlidir. Çünki ona hidayət vermiş və Peyğəmbərimizi (səv) tanıtmışdır. Bunun ən gözəl şükrü isə Quranda bildirilən əxlaqı yaşamaq və Peyğəmbərimizin (səv) yolu ilə getməkdir. Əks halda, Allaha qarşı nankorluq etmiş olar. Bunun axirətdəki qarşılığı isə şiddətli əzabdır.
Hz. Mehdi (əs) axırzamanda insanların kamilləşməsinə və üstün əxlaq sahibi olmasına vəsilə olacaq
APARICI: ... Bu arada, Həsən bəy soruşur: “Axşamınız xeyir. Bu gün oxuduğum bir hədisdə deyilirdi ki, hz. Mehdi (əs) insanların kamilləşməsinə, əxlaqının gözəlləşməsinə və şəxsiyyət olaraq formalaşmasına vəsilə olacaq. Bu, şövqümü daha da artırdı. İmam Baqir (əs) belə buyurmuşdur: “Qaimimiz hz. Mehdi qiyam etdikdə əlini tələbələrinin başına qoyar, beləcə, ağıllarını bir yerə toplayar, onları kamil edər. Allah düşüncə və hisslərini gücləndirər. Ta ki, özləri ilə Qaim hz. Mehdi arasında heç bir əngəl qalmaz.” (Yəvmül-Xəlas, səh. 269) Bu hədisi izah edə bilərsiniz?”
ADNAN OKTAR: Bəli, hz. Mehdinin (əs) sevgisi, imanı, şövqü və səmimiyyəti insanlara gözəl təsir göstərəcək. Onun yanında olan insanlar gözəl əxlaqı, sevgini və şəfqəti öyrənəcəklər. Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə tabe olmağı ruhlarına yerləşdirəcəklər. Bu mənanı verir, inşaAllah. (Cənab Adnan Oktarın 9 yanvar 2010-cu il tarixli Kral Karadeniz və Kanal 9 reportajından)
İnsanların böyük hissəsi sual verdikdə müsəlman olduqlarını deyirlər. Ancaq bunu deyən insanların bir çoxu İslamın haqq kitabı olan Quranı bir dəfə olsun belə oxumayıblar. Halbuki, bu kitab boyu bəhs edildiyi kimi, müqəddəs kitabımız Quran Allah`ın bizə Özünü tanıtdığı, dünya həyatının gerçək məqsədini, axirəti, gözəl əxlaqın necə olduğunu açıqlayan vəhyidir.
Bir insanın Allah`ın ondan nə istədiyini bilmədən din haqqında şifahi şəkildə eşitdiyi məlumatlara qane olub yaşaması ağıl və vicdana uyğun deyildir. Allah Quranı oxumaq üçün endirdiyini “İsra” surəsində belə bildirir:
Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən və qorxudan sifəti ilə göndərdik. İnsanlara aramla oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb göndərdik. Biz onu tədriclə, nazil etdik. (İsra surəsi, 105-106)
Quran bütün kitablardan üstündür və içindəki məlumatlar gəlib-keçmiş bütün bilgilərin üzərindədir. Quranı səmimi niyyətlə oxuyan hər insan ayələrdə bildirilən möcüzələri, bənzərsiz hikmət və üstünlüyü görərək hidayətə çatır. İnsanlar inanıb-inanmasalar da, Quran aləmlərə öyüddür və Rəbbimizin möcüzəsidir. Ayələrdə belə buyurulur:
De: “İstər inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar. Və: “Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin əmri mütləq yerinə yetəcəkdir!” – deyərlər. Onlar üzüstə səcdəyə qapanıb ağlayar, onların itaətini daha da artırar. (İsra surəsi, 107-109)
Bir insan yaşından asılı olmayaraq, heç bir zaman Quranı oxuyub anlaması və içində yazılanlara əməl etməsi üçün gec qalmış sayılmaz. Buna görə də insan şeytanın “bu günə qədər etməmisən, bundan sonra etməyinin faydası yoxdur” kimi vəsvəsəsinə aldanmamalı, buna bənzər təlqinlərə qarşı da diqqətli olmalıdır. Allah hər bir insanı son halından məsul tutacaqdır. Əgər insan həqiqətləri görüb Allah`a və Qurana yönəlməklə Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün yaşamağa başlayarsa, Allah keçmiş günahlarının tövbəsini qəbul edər.
Elə isə bir gün öləcəyini və axirətdə sonsuz həyata başlayacağını bilən, cənnət və cəhənnəmin varlığından xəbərdar olan hər insan ağıl və vicdanla düşünüb həyatını necə yaşayacağı haqqında qəti qərar verməlidir. Ağıl və vicdana uyğun olan isə insanın ömrünü Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün keçirməsi və Onun əmrinə tabe olmasıdır. Allah Quranda belə buyurur:
Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allah`dan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Kəhf surəsi, 27)