Quran Allahın bütün aləmlərə öyüd olaraq endirdiyi, hökmü qiyamətə qədər davam edən və bənzərsiz hikmətə sahib bir kitabdır. Lakin səmimi olmayan insanlar Quranın müəyyən dövrü əhatə etdiyini və yalnız ərəblər üçün endirildiyini iddia edirlər. Buna görə də onlar Quranın bəzi hökmlərinə ehtiyac olmadığını düşünürlər. Bu, Qurana tabe olmamaq üçün irəli sürülən bəhanədir.

Quran hökmləri endirildiyi gündən etibarən hər dövrdəki insanlara aiddir. Quran insanlara öyüd verən, sonsuz axirət həyatı üçün onları xəbərdar edən və doğru yolu göstərən zikrdir. Quranın “Şübhəsiz ki, o (Quran) sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz (ondan) mütləq sorğu-sual olunacaqsınız!” (Zuxruf surəsi, 44) ayəsində bildirildiyi kimi, insanlar axirətdə Qurandan sorğuya çəkiləcəklər.

Quran hikməti, keçmiş və gələcəklə bağlı məlumatları insanlara çatdıran, eləcə də onlar üzərindən qəflət pərdəsini qaldıran bənzərsiz bir kitabdır. Quranın bu xüsusiyyəti vəhy edildiyi gündən qiyamətə qədər bütün insanlara aiddir. (www.pesmanolmadanonce.com)

Bədiüzzaman Səid Nursi Quranın öz hikmətini heç vaxt itirməyəcəyini bildirmişdir:

Min üç yüz əlli ildir ki, Qurani-Hakim bütün həqiqətlərini kainat çarşısında açıb nümayiş etdirmiş, hər kəs, hər millət, hər ölkə onun cövhər və həqiqətlərini almışdır və almağa davam edir. Adətlər, bolluq, zaman və böyük dəyişikliklər onun dəyərli həqiqətlərinə, gözəl üslubuna zərər verməmiş, qocaltmamış, qurutmamış, dəyərdən salmamış, gözəlliyini soldurmamışdır. Bu, öz-özlüyündə böyük möcüzədir. (Sözler, səh. 433)

Quranın insanlar üzərindəki təsirindən də bəhs edən Bədiüzzaman Səid Nursi digər sözlərində bunu belə ifadə etmişdir:

Quranın ən böyük möcüzələrindən biri də müasirliyini qoruyub saxlaması, sanki həmin əsrdə endirilməsi və hər əsrin tələbinə uyğun olmasıdır. (Sözler, səh. 750)

Qurani-Hakim həqiqi elmləri əhatə edən müqəddəs kitabdır və bütün dövrlərdəki insanların hər birinə xitab edən əzəli bir xütbədir. (Konferans, səh. 11)

Quran haqq, həqiqət, doğruluq, hidayət və möhtəşəm fəsahət olduğuna görə usandırmır, gəncliyini, müasirliyini və səfasını hər zaman qoruyub saxlayır. (Sözler, səh. 378)

Bədiüzzaman Səid Nursi Quranın bənzərsiz kitab olduğunu və heç bir mənbənin Quranı əvəz etmədiyini də belə qeyd etmişdir:

Çünki bu həqiqət nöqtəsində qətiyyən Quranın tayı-bərabəri yoxdur və ola da bilməz. Heç bir şey bu böyük möcüzənin yerini tuta bilmir. (İman ve Küfür Muvazeneleri, səh. 67-68)

... Quranın üslubu hər kəsin xoşuna gəldiyi halda, heç kim onu təqlid edə bilmir. Üslubu zaman keçdikcə köhnəlmir, hər zaman gənc və müasirdir. Elə müntəzəm nəsr və mənsur nəzmdir ki, həm uca və həm də lətifdir. Həm kahinlərə, həm də qeybdən xəbər verənlərə qarşı gələcəklə bağlı məlumatları ilə möcüzəvi yönünü nümayiş etdirir. Keçmiş ümmətlərin vəziyyəti, qəbir və axirətlə bağlı Quranda verilən bilgilər onun möcüzə olduğunu alimlərə göstərir. Quran sosial elm alimlərinə və siyasət əhlinə az sözlə çox şey izah edir. Bəli, Qurandakı nurun ən əsas sirri də az sözlə çox şey izah etməsidir. İlahi elm və həqiqətlərlə məşğul olanlara Qurandakı müqəddəs bilgilərin sənətini göstərir, həmçinin sənətin vücudunu hiss etdirir. Quran təriqət əhlinə və vəlilərə dəniz kimi daima dalğalanan ayələrinin əsrarındakı möcüzəsini göstərir və bunun kimi ... Qırx təbəqədən hər təbəqəyə bir pəncərə açır və ecazını nümayiş etdirir. Hətta yalnız qulağı olan və bircə məna anlayan avama da; qulaq sahibi Quran oxunduqda onun başqa kitaba bənzəmədiyini təsdiq edir. (Mektubat, səh. 181)

Dünyadakı hər bir insanın ən birinci vəzifəsi Allaha qulluq etməkdir. Bu isə yalnız səmimi qəlbdən Allaha iman gətirib, Quranı rəhbər tutmaqla mümkündür. Hər kəs bu vəzifəni üzərinə götürməli və qiyamətə qədər etibarlı olan Qurana bərk sarılmalıdır. Allah “Həşr” surəsində Quranın üstünlüyünü və onu rəhbər tutmağın əhəmiyyətini belə ifadə etmişdir:

Əgər Biz bu Quranı dağa nazil etsə idik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr. (Həşr surəsi, 21)