Quranın əsas xüsusiyyətlərindən biri də insanları sonsuz cəhənnəm əzabından xəbərdar etməsidir. Quran ayələrini oxuyan insanlar doğru və yanlışın nə olduğunu öyrənir, axirətdə də bunun məsuliyyətini daşıyırlar. Allah Quranın bu xüsusiyyətini ayələrdə belə bildirmişdir:

(Allah) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dopdoğru şəkildə (nazil etdi.) (Kəhf surəsi, 2)

Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən. (Məryəm surəsi, 97)

Peyğəmbərimiz (səv) də, “... Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim.” (Ənam surəsi, 19) ayəsində bildirildiyi kimi, Quranın çatdığı hər kəsi onunla xəbərdar edəcəyini bildirmişdir. Allah başqa ayədə də Quranı Peyğəmbərimizə (səv) insanları agah etmək üçün vəhy etdiyini belə buyurur:

Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası (Məkkə) (əhlini) və onun ətrafındakıları xəbərdar edəsən və barəsində heç bir şübhə doğurmayan məhşər gününü yadlarına salasan. (İnsanların) bir qismi Cənnətdə, digər qismi isə Odda olacaqdır. (Şura surəsi, 7)

Ayələrdən də göründüyü kimi, Allah Quranda ölüm, mələklərin insanların canını necə alacağı, onları bir yerə necə toplayacağı, qiyamət günü, həmin gün insanların başına gələcək hadisələr və sorğu-sual haqqında xəbər vermişdir. Bundan başqa, insanların cənnət və cəhənnəmə necə girəcəklərini, həmin gün çəkilən iztirabları, maddi-mənəvi əzabı, eləcə də cənnətin sonsuz gözəl nemətlərini təfsilatı ilə açıqlamış, insanları axirət günündən xəbərdar etmişdir. (www.qiyametgunu.com)

Hətta bir çox ayədə cəhənnəm əhlinin öz aralarındakı söhbəti, oradakı mühit və yaşayış tərzi təsvir olunmuş, çəkdikləri iztiraba baxmayaraq, bir-biriləri ilə mübahisə etdikləri bildirilmişdir.

İnsanları onlara əzab gələcəyi günlə qorxut. (O gün) zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək”. (Onlara deyiləcəkdir:) “Məgər əvvəllər siz (dünyadan köçməyəcəyiniz) barədə and içməmişdiniz?! (İbrahim surəsi, 44)

(Allah) deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!” O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir. (Qaf surəsi, 28-30)

Kafirlər dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlkilərə əsla inanmayacağıq!” Kaş sən o zalımları öz Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları anda görəydin. Zəiflər, öz şəxsiyyətləri haqda yüksək rəydə olanlara deyəcəklər: “Əgər siz olmasaydınız, biz iman gətirərdik”. (Səba surəsi, 31)

İnkar edən insanlara əzab gəlib çatdığı zaman heç bir xilas yolu tapmayacaqlar. Ölüm mələklərini gördükdə peşman olaraq tövbə etmələrinin faydası olmayacaq. Çünki bu insanlar Quranla xəbərdar edilmiş, lakin onlar inkar etmişlər. Allah Quranda belə buyurur:

Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. (Onlara deyiləcək:) “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın (əzabı)! Zalımlara kömək edən olmaz”. (Fatir surəsi, 37)

Dünyada vicdanına tabe olub hər anını Allah rizası üçün yaşayan möminlərə isə sonsuz axirət həyatında mükafat veriləcək. Canları ölüm mələkləri tərəfindən gözəlliklə alınan möminlər dəstə-dəstə cənnətə girəcəklər. Onları cənnət gözətçiləri qarşılayacaq. Bu, ayələrdə belə xəbər verilir:

Onlar (ağacları) altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır. O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!” (Nəhl surəsi, 31-32)

Quranda Allahın üstün və şərəfli məqama ucaltdığı möminlərin cənnətdəki söhbəti də təfsilatı ilə xəbər verilmişdir. Onlar gözəllik və sevgidən bəhs edərək Allahın şanını ucaldarlar. Bu söhbətlərdən verilən bəzi nümunələr belədir:

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!” (Fatir surəsi, 34-35)

Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!” (Zumər surəsi, 74)

Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən (Allahdan) qorxurduq. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!” (Tur surəsi, 26-28)

Ayələrdən də göründüyü kimi, möminlər bu gözəlliyin yalnız Allahın izni və rəhməti ilə onlara nəsib olduğunu dərk edirlər. Çünki Allahın sonsuz lütfü olmasa idi, asanlıqla yoldan azardılar. Buna görə də möminlər dünyada olduğu kimi cənnətdə də Allaha davamlı şükür edəcəklər.