Quran həqiqətləri ehtiva edən hidayət rəhbəridir. Allah hz. Muhəmmədə (səv) ən doğru bilgiləri vəhy etmişdir. Buna görə də yalnız Quranı və Peyğəmbərimizin (səv) sünnəsini əsas götürən insanlar Allahın rəhmətinə və hidayətə qovuşurlar. Quranın bu xüsusiyyəti ayələrdə belə bildirilmişdir:

Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir. (İsra surəsi, 9)

Bu (Quran) insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. (Casiyə surəsi, 20)

Quranı və Peyğəmbərimizin (səv) sünnəsini özünə rəhbər tutan insanın həyatı digərlərinkindən çox fərqli olur. Məsələn, bu insan heç vaxt sıxıntı çəkmir, qorxu və narahatlıq hissi keçirmir, çətinlik zamanı təlaşa düşmür. Allahın yaratdığı qədəri unutmadan Ona təslim olur və hər hadisədə Allahın hökmlərinə uyğun davranır. Verdiyi hər qərar, dediyi hər söz, yazdığı hər kəlmə onun Quran əxlaqını yaşadığını əks etdirir. Vicdanı hər zaman təmiz olduğu üçün mənəvi cəhətdən rahat yaşayır. Allah “Yunis” surəsində Quranı belə təsvir etmişdir:

Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. (Yunis surəsi, 57)

Allah Quranda doğru və yanlışı açıq-aydın bildirmişdir. Buna görə də nəfsinin istəklərindən uzaq duran və Allahın hökmlərinə əməl edən vicdanlı insanlar doğruları asanlıqla tapırlar. Quran hər yaşdakı insanın rahatlıqla qavrayacağı hikmətli bir kitabdır. Quranın hökmləri və ayələrdə təsvir olunan gözəl əxlaq olduqca aydın, başa düşülən və asandır. Allahın hidayət verdiyi səmimi bir insan Quranı rahatlıqla başa düşür və gözəl şəkildə həyata keçirir. Allah Quranın bu xüsusiyyətini “Bəqərə” surəsində belə bildirmişdir:

İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ... (Bəqərə surəsi, 185)

Yalnız Allahdan qorxan, Ona qəlbən təslim olan və axirəti dünya həyatından üstün tutan insan Qurandan öyüd alıb düşünər. Allah bir ayədə belə buyurur:

Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik). (Taha surəsi, 2-3)

Bu, Quranın çox vacib sirridir. Quranı anlamaq üçün üstün zəka və qabiliyyətə ehtiyac yoxdur. Yalnızca səmimi niyyətə, dərin imana və ixlasa sahib olmaq kifayətdir. Çünki Allah səmimi qullarına Quran vasitəsilə doğru yolu göstərir və Ona tabe olanlar xilas olurlar. Quran bütün insanlara göndərilmiş kitabdır, lakin Allahdan qorxan və axirətə iman gətirən möminlər üçün hidayət vəsiləsidir. Bununla bağlı ayələrdən bəziləri belədir:

O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstərən rəhbər və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”. (Nəhl surəsi, 102)

Bu, hikmətli Kitabın ayələridir. Xeyirxah əməl sahiblərinə doğru yolu göstəricisi və rəhmətdir. (Loğman surəsi, 2-3)

Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. (Yunis surəsi, 57)

Ayələrdə də bildirildiyi kimi, Quran hər kəs üçün öyüd, Allahdan qorxan səmimi müsəlmanlar üçün isə hidayət rəhbəridir. Böyük İslam alimi Bədiüzzaman Səid Nursi “Qurani-Hakim şüurlu insanlara imamdır, cin və insanlara mürşiddir, kamal əhlinə rəhbərdir, həqiqət əhlinə müəllimdir...” (Sözler, səh. 185) sözləri ilə Quranın saleh əməl sahibləri üçün rəhbər olduğunu ifadə etmişdir.