QURANI ALLAH QORUYUR
Quran təhrif olunmadan və Peyğəmbərimizə (səv) necə vəhy edilmişdirsə, dövrümüzə də elə gəlib çatmışdır. Bu, Quranın əsas xüsusiyyətlərindən biridir. Allah Quranda “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr surəsi, 9) ayəsi ilə bunu vəd etmişdir.
Məlumdur ki, Qurandan əvvəl endirilən ilahi kitablar qəsdən və ya cahillikdən təhrif edilərək dəyişikliyə məruz qalmışdır. Həmin kitablara müəyyən əlavələr edilmiş, dəyişdirilmiş və ya bəzi hissələri tamamilə çıxarılmışdır. Peyğəmbərimizə (səv) vəhy gəldikdə isə onu Allahın yardımı ilə əzbərləmiş və etibar etdiyi insanlara yazdırmışdır. Beləcə, Quran yazılı formada qorunub saxlanılmışdır. Hz. Əbu Bəkrin (rə) xilafət dövründə Quran bir nüsxə halına salınmış, hz. Osman (rə) dövründə isə bu nüsxələrin sayı çoxaldılaraq bir çox İslam bölgəsinə göndərilmişdir.
Peyğəmbərimiz (səv) ona vəhy ilə gələn ayələri yadda saxlamaq üçün ciddi cəhd göstərmiş, Allah da ona yardım etmişdir. Bu, Quran ayələrində belə bildirilir:
Onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu bəyan etmək də Bizə aiddir! (Qiyamət surəsi, 16-19)
Ayələrdən də göründüyü kimi, Peyğəmbərimiz (səv) Quranı hər hansı bir mövzu kimi əzbərləməmiş, bu, Allah tərəfindən onun yaddaşına həkk olunmuşdur. Bundan sonra, Peyğəmbərimiz (səv) yadda saxladığı ayələri güvəndiyi şəxslərə yazdırmışdır. Beləliklə, 1400 ildir ki, Allahın vədinə uyğun olaraq Quranın bircə hərfi belə dəyişməmiş və dövrümüzə qədər gəlib çatmışdır. (www.Allahinsonsuzgucu.net)
Tarixi araşdırmalar da sübut edir ki, Quran ayələri arasında heç bir ziddiyyət yoxdur. Bu da Quranın Allahın sözü olduğunu və ona heç bir əlavənin edilmədiyini göstərir. Bu, bir ayədə belə qeyd edilmişdir:
Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsa idi, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)
Digər kitablarda bir çox ziddiyyətlər tapmaq mümkündür. Məsələn, elmi kitabın əvvəlində və sonunda verilən məlumatlar bir-birinə zidd ola bilər. Quranın isə hər sözü bir-birinə uyğundur və aralarında heç bir ziddiyyət yoxdur. Həmçinin Quranda müxtəlif cəmiyyətlər, onların idarə üsulları, hərbi strategiyaları haqqında bir çox məlumatlar qeyd edilmiş, keçmişdəki və gələcəkdəki hadisələrdən xəbər verilmişdir. Bu məlumatların hər biri Quranın vəhyindən əvvəlki və sonrakı hadisələrə tamamilə uyğundur. Məsələn, Rum surəsinin ilk ayələrində gələcəklə bağlı məlumatlar verilmiş və Bizans İmperiyasının məğlub olacağı, qısa müddətdən sonra isə yenidən qalib gələcəyi bildirilmişdir:
Əlif, Lam, Mim! Rumlular məğlub oldular. Ən aşağı bir yerdə. Lakin onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə ilin içində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər. (Rum surəsi, 1-4)
Bu ayələr xristian bizanslıların bütpərəst farslar tərəfindən ağır məğlubiyyətə uğradılmasından təqribən 7 il sonra (miladi 620-ci ildə) endirilmişdir. Ayələrdə Rum olaraq qeyd edilən Bizansın çox yaxında qalib gələcəyi xəbər verilmişdir. Halbuki həmin dövrdə Bizans o qədər zəifləmişdi ki, nəinki qalib gəlmək, mövcudluğunu qoruyub saxlaması belə qeyri-mümkün görünürdü.
Qısası, hamının Bizansın yox olmasının gözlədiyi bir zamanda “Rum” surəsinin ilk ayələri vəhy edilmiş və Bizansın 9 il keçmədən yenidən qalib gələcəyi
xəbər verilmişdir.
“Rum” surəsinin ilk ayələrinin endirilməsindən təqribən 7 il sonra, yəni miladi 627-ci ilin dekabr ayında Bizans və Fars İmperiyaları arasında Nineva xarabalıqlarının yaxınlığında böyük döyüş baş verdi. Bu döyüşdə isə Bizans ordusu farsları məğlub etdi. Farslar bir neçə ay sonra işğal etdikləri torpaqları Bizansa geri qaytarmaq haqqında saziş imzalamağa məcbur oldular.
Beləliklə, Quranda gələcəyə dair verilən bu məlumat həyata keçdi. Təkcə bu nümunə belə Quranın Allahın sözü olduğunu və insan tərəfindən yazılmadığını sübut edir.
Bundan başqa, Quranda o dövrün elm səviyyəsindən və batil inanclarından fərqli olaraq, bir çox astronomik və bioloji məlumatlar verilmişdir. Məsələn, Quranın vəhy edildiyi dövrdə insanlar dünyanın düz olduğunu, dağların isə iki tərəfdən səmanı saxladığını zənn edirdilər. Lakin Allah Quranda bu batil inancların yanlış olduğunu bildirmişdir:
Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır... (Rad surəsi, 2)
Digər Quran ayələrində də bir çox elmi məlumatlar verilmişdir. Bu elmi faktlar isə 20-21-ci əsrlərdə kəşf edilib. Bunlar da Quranın Allahın sözü olduğunu göstərən dəlillərdən bir neçəsidir.
Quranın ədəbi üslubu da çox yüksəkdir. Quran endirildiyi dövrdə ərəb şairləri gözəl ədəbi əsərlər ərsəyə gətirirdilər. Lakin onlar da Quranın mükəmməl ədəbi dilinə heyran qalmış və onun ehtişamını qəbul etmişdilər.
Bununla yanaşı, Quranda qüsursuz say sistemi də mövcuddur. Məsələn, bəzi kəlmələr həmin sözə uyğun olaraq təkrarlanır: “gün” kəlməsi 365 dəfə, “günlər” 30 dəfə, “ay” 12 dəfə, “şeytan” və “mələk” kəlmələri 88 dəfə, “dünya” və “axirət” kəlmələri 115 dəfə, “yay-isti” və “qış-soyuq” kəlmələri 5 dəfə, “cəzalandırmaq” 117 dəfə, “əfv etmək” 234 (117x2) dəfə, “günəş (şəms)” və “işıq (nur)” kəlmələri isə 33 dəfə təkrar edilmişdir. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, “Quran möcüzələri”)
Quran insan sözü deyil. Yuxarıda qısa şəkildə qeyd etdiyimiz məlumatlar da bunu açıq-aşkar sübut edir. Quran Allahın vəhyidir və Peyğəmbərimiz hz. Muhəmmədə (səv) endirildiyi gündən bəri dəyişmədən bizlərə gəlib çatmışdır. (www.quranmocuzeleri.org) Allah ayələrdə Quranın bu üstün xüsusiyyətini belə bildirir:
Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın! Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin. (Bəqərə surəsi, 23-24)
De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”. (İsra surəsi, 88)
Quranın nuru zehinləri hər cür pislikdən təmizləyir
Adnan Oktar: Doğrudur, mən gənclərin beynini təmizləyirəm. Əslində bütün millətimin beynini təmizləməyə çalışıram. Çünki bu, Quranın xüsusiyyətidir, yəni insanları tahir edər, pislikdən təmizləyər. Quran sanki gözəl ətirli sabun kimidir. Onun dəydiyi yerdə çirk qalmaz, hər tərəfi tər-təmiz edər. Büllur kimi sudur. İnsanın üzərinə tökdükdə onda heç bir çirk qalmaz. Quranın işığı nurlu su kimidir, insanı təmizləyər. Təbii ki, beyinlər təmizlənməlidir, çünki axırzamanda çox çirkləniblər, qəflət və dəlalət kirinə, küfrə bulaşıblar. Darvinizm, materializm, kommunizm və satanizm kimi fikir sistemləri insanların beynini kirlədib. Bunlar təmizlənməlidir. Beyin təmizlənəndə nur saçmağa başlayır. İnsanlar Quranın nurlu suyu ilə təmizlənib pak olarlar. Bu nur çirki dərhal kənara atar. Eyni zamanda, bir işıqdır Quran. (Adnan Oktarın Tempo TV reportajından, 10 mart 2009-cu il)
Adnan Oktar: : Mən Quranın nuru ilə insanların beyinlərindəki çirki və pisliyi təmizləyirəm. Quran gözəl ətirli, ənbər qoxulu sabun kimidir. Bu sabunla beyindəki bütün çirklər tökülüb gedər. Həm Peyğəmbərimiz (səv), həm də digər peyğəmbərlər insanların beynlərini təmizləyirdilər.
Quran pak edəndir, tahirdir. Bizim vəzifəmiz də tahir olmaqdır, təmizləməkdir. Beyindəki çirkləri və pislikləri təmizləməklə məsuluq. Allahın o əmri bizə aiddir və bu, bizim üçün şərəfdir. Haqq və həqiqəti beyinlərə yerləşdiririk. Gözəlliyi, sevgini, mərhəməti, şəfqəti, ədaləti, hörməti, dərin düşünməyi, Allah qorxusunu və Allah sevgisini, Quran eşqini, Allah eşqini, səhabə eşqini, axirətə və cənnətə sevgimizi, cəhənnəmə qarşı qorxumuzu artırırıq. Kommunist, faşist, materialist-darvinist çirkabları, nə qədər rəzillik varsa, hamısını təmizləyirik... Quran nur kimi sabundur. O ətirli sabunla tərtəmiz yuyuruq, inşaAllah. (Adnan Oktarın Destan TV reportajından, 8 mart 2009-cu il)