Quran doğrunu yanlışdan ayırır
Allah Quran ayələri ilə insanlara öyüd verərək hidayət yolunu göstərir. Quran bir insanın Allahı və İslam əxlaqını tanıması, Allahın razı qaldığı həyatı yaşaması, eləcə də doğru ilə yanlışı bir-birindən ayırması üçün ən vacib mənbədir. Buna görə də Quranın digər adı Furqan, yəni doğrunu yanlışdan ayırandır.
Hər bir insanın fərqli düşüncəsi, məqsədi, özünəməxsus inanc və dəyərləri var. Demək olar ki, hər kəsin doğru və yanlışları fərqlidir. Bunların bir çoxu insanların şəxsi mənfəətlərinə əsasən müəyyən edilən, həmçinin, ağıla, vicdana zidd olan inanc və dəyərlərdir. Halbuki doğru olan yalnızca Allahın insanlar üçün endirdiyi Quranın hökmləridir. Allah “Bəqərə” surəsində belə buyurur:
... Yalnız Allahın haqq yolu doğru yoldur!... (Bəqərə surəsi, 120)
Buna görə də insanların özündən uydurduları, mənfəətlərinə əsasən seçdikləri istiqamət onları doğru yola yönəltməz. İnsan yaradılış məqsədini, bu məqsədinə çatmağın yolunu, həyatda necə yaşayacağını, xoşbəxtliyin sirrini, ölümü və ölümdən sonrakı həyatı yalnız Quran ayələrindən öyrənə bilər.
Quranı rəhbər tutaraq hidayətə çatmaq istəyən hər kəs Quranı lazımı qədər oxumalıdır. Allah bir ayədə belə buyurur:
Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır. (Bəqərə surəsi, 121)
Yalnız səmimi olaraq Allahdan qorxan və ayələrə tabe olan insan Quranı layiqincə oxuya bilər. Bu insanlar Quranın hər hökmünə tabe olur və Allahın əmrlərinə ciddi şəkildə əməl edirlər. Onlar qarşılaşdıqları hər hadisədə Quran hökmlərini və Peyğəmbərimizin (səv) sünnəsini rəhbər tutaraq qərar verirlər. Furqan xüsusiyyətini daşıyan Quran möminin doğrunu yanlışdan ayırmasına və ən gözəl qərarı verməsinə vəsilə olur. Allah bir ayədə də buyurur:
Buna görə, Qurana tabe olan hər insan istənilən durumda və qarşılaşdığı hər hadisədə Quran hökmlərini və Peyğəmbərimizin (səv) sünnəsini rəhbər tutaraq qərar verir. Quran Furqan özəlliyi ilə möminin doğrunu yanlışdan ayırmasına və ən xeyirli qərarı verməsinə vəsilə olur. Belə ki, Allah bir ayəsində də buyurur:
... Artıq doğru yol azğınlıqdan aydın fərqlənir... (Bəqərə surəsi, 256)
Buna görə də iman gətirən insan Quran əxlaqı ilə cahiliyyə həyatı arasında orta yol axtarmağa çalışmamalı, əminliklə Qurana, yəni doğru olana tabe olmalıdır.
Allah ayələrdə möminlərə Qurana möhkəm sarılmalarını belə buyurur:
Odur ki, sən özünə vəhy olunan (ayələrə) sarıl! Əslində, sən düz yoldasan. Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız. (Zuxruf surəsi, 43-44)
Allahın ayələrini inkar edənlər isə həm dünyada, həm də axirətdə sıxıntılı həyat yaşayacaqlar. Çünki Allah Quranda insan fitrətinə uyğun həyat tərzini açıq-aydın bildirmişdir. Buna görə də Qurana tabe olmayan insanlar həqiqi xoşbəxtliyə heç vaxt qovuşa bilməzlər. İnsanlar dünya və axirətdə səadətə qovuşmaq üçün Quranı öyrənməli və Rəbbimizin əmrlərinə tabe olmalıdırlar. Allah Quranda insanları belə xəbərdar edir:
Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər? (Maidə surəsi, 50)
Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır. (Ənkəbut surəsi, 51)
Qurana tabe olan insanın irəli sürdüyü fikirlər və verdiyi tövsiyələr Quran ayələrinə əsaslanır. Buna görə də hər zaman gözəl nəticələr əldə edir. Qurana tabe olmayanların axirətdəki vəziyyəti isə ayələrdə belə xəbər verilir:
Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar. (Ali İmran surəsi, 83)
İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. (Ali İmran surəsi, 85)
Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir. (Ali İmran surəsi, 19)
Buna görə də insan bütün batil inanclardan xilas olmalı, yalnızca Quran ayələrini və Peyğəmbərimizin (səv) sünnəsini nümunə götürməlidir. Yoxsa axirətdə böyük peşmançılıq çəkər və şiddətli cəhənnəm əzabı ilə qarşılaşar.