Allah Quranda insanların zülmətdən nura çıxması üçün hər şeyi açıqlamışdır. Rəbbimiz “Nəhl” surəsində Qurandan belə bəhs edir:

... Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

“Ənam” surəsinin 38-ci ayəsində isə “... Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar.” şəklində bildirilmişdir. Quranda hər şey ən mükəmməl və hikmətli formada izah edilmişdir. Bu, Allahın qulları üzərindəki rəhmətinin təzahürüdür.

Allah Quranda səmimi imanın şərtlərini, dünya və axirət həyatı ilə bağlı məlumatları, eləcə də imanlı insana məxsus olan gözəl əxlaqı bildirmişdir. Bundan başqa, Allah Quran vasitəsi ilə Özünü bizə tanıdaraq bütün kainatı yoxdan var etdiyini, heç nəyə möhtac olmadığını, ən gizli olanı bildiyini, bütün nöqsanlardan münəzzəh, hər şeydən xəbərdar və eşidən olduğunu açıqlamışdır.

Quranda Allah rizası üçün görülən işlər, gözəl əxlaq, insanın yaradılış məqsədi, ibadətləri, fiziki və mənəvi cəhətdən sağlam olmağın yolları, çətinliyə düşərkən alınmalı tədbirlər, həmçinin müxtəlif insan xarakterləri haqqında ətraflı məlumat verilmişdir. Bundan başqa, Quranda gündəlik həyata və sosial problemlərə dair bilgilər, elmi həqiqətlər qeyd olunmuş, eləcə də qiyamət günü, cənnət, cəhənnəm mövzuları da geniş izah edilmişdir. Buna görə də bir insanın həyatı boyunca ehtiyacı olan bütün təməl bilgilər Quranda mövcuddur. Ayələrdə belə buyurulur:

Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar (pis əməllərindən) çəkinsinlər və ya ibrət alsınlar. (Taha surəsi, 113)

Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi. (İsra surəsi, 89)

Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik... (Kəhf surəsi, 54)

Allah Quranın hökmlərinə tabe olmağı, yalnız Allahı dost seçməyi, yeganə məqsədin isə Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq olduğunu bildirmişdir. Quran ayələri əsasında yaşayan insanın rəhbəri Quran, yolu isə Peyğəmbərimizin (səv) tutduğu yoldur. Quranda səmimi müsəlmanların hər dövrdə cəmiyyətin batil dinindən ayrılıb Allaha və Onun əmrlərinə tabe olduqları qeyd olunmuşdur. Məsələn, “Kəhf” qissəsində cəmiyyətin batil dinini qəbul etmədikləri üçün qınanan və ölüm təhdidinə görə mağaraya sığınan saleh gənclərdən bəhs edilir (Kəhf surəsi, 13-16). Digər Quran ayələrində də hz. Yusifin (əs) Allaha yönəldiyi və Onun əmrlərinə tabe olduğu bildirilmişdir:

... Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən adamların dinindən uzaqlaşmışam. Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz... (Yusif surəsi, 37-38)

Cəmiyyətin batil dinini tərk etmək bu dinin mənsublarından mənəvi olaraq ayrılmaq deməkdir. Yəni onların ibadətlərini, inanclarını, düşüncələrini, əxlaq anlayışlarını, adət-ənənələrini, davranış formalarını və danışıq üslublarını mənimsəmir, özlərinə Allahın vəhyini və elçinin həyatını rəhbər tuturlar. (www.peygemberlerinduasi.com)

Allah səmimi qulları üçün İslamı bəyənib seçmiş, rəhbər olaraq Quranı endirmiş, Peyğəmbərimizin (səv) həyatını da nümunə göstərmişdir. Doğru və haqq olan yalnız Allahın yoludur. Digərləri isə batil və yanlışdır, yalnız xurafata, bidətlərə əsaslanır. Buna görə də insan təkcə Quranı rəhbər tutduqda, Allahın əmrlərinə tabe olduqda, Onun rizası üçün saleh işlər gördükdə və yalnız Peyğəmbərimizi (səv) nümunə götürdükdə uca Rəbbimizin rəhmətini uma bilər. Quranda bildirildiyi kimi, ən doğru olan Allahın sözüdür, yalnız Quranı və Peyğəmbərimizin (səv) sünnəsini rəhbər tutan insan həqiqətləri görməyi bacarır. Allahdan başqa hakimin olmadığı Quranda belə bildirilmişdir:

(De:) “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir. (Ənam surəsi, 114-115)

Peyğəmbərimiz hz. Muhəmməd (səv) də qövmünə yeganə mənbənin Quran olduğunu söyləmiş və bu öyüdləri vermişdir:

“Qurana möhkəm sarılın və onu özünüzə rəhbər tutun. Çünki o, aləmlərin Rəbbinin kəlamıdır. Ondandır və Ona dönər. (Sizi də Ona aparar). (Ramuz El-Ehadis, 2-ci cild, səh. 317, no. 10)

Yenə buyurdu: “Bu qəlblər dəmir kimi pas tutar”. “Pası nə ilə təmizlənər ya Rəsulullah?”– dedilər. Buyurdu ki: “Qurani-kərimi oxumaqla və ölümü xatırlamaqla”. Yenə buyurdu: “Mən gedirəm və sizə iki vaiz buraxıram, həmişə sizə nəsihət verərlər. Biri danışaraq söylər, digəri susaraq: danışan vaiz Qurani-kərimdir, susan isə ölüm. (İmam-ı Gazali, Kimya-yı Saadet, səh. 141)

Allahdan başqa İlah olmadığına və mənim də Onun elçisi olduğuma şəhadət edirsiniz, elə deyilmi? Elə isə müjdələr olsun. Bu Quran elə bir ipdir ki, bir ucu Allahın əlində, digər ucu da sizin əlinizdədir. Ondan yapışın. Bu zaman əsla dəlalət və təhlükəyə düşməzsiniz. (Ramuz El-Ehadis, 1-ci cild, səh. 7, no. 4)