Möminlərin həyatda yeganə rəhbəri Quran və Peyğəmbərimizin (səv) sünnəsidir. Onlar həyatları boyunca Allahın əmrlərinə ciddi riayət edir, heç kimdən mədət ummur, ümidlərini itirmir, yalnız Allahdan qorxur, təlaşa və qorxuya düşmürlər. Qınaqdan qorxmayan möminlər hər bir hadisə qarşısında Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə əsasən davranırlar. İstər bolluq, istərsə də çətin vaxtlarda Quran əxlaqından əl çəkmirlər. Çünki Allahın həm nemət verdiyini, həm də dilədikdə bunları xeyir və hikmətlə azaltdığını bilirlər. Hər hadisənin nəfsin tərbiyə olunması və kamilləşməsi üçün yaradıldığını anlayırlar.

Lakin Quran əxlaqını yaşamayan və tam iman gətirməyənlər isə həyatları boyunca digər insanların razılığını qazanmağa çalışırlar. Həyat fəlsəfələri və qanunları tamamilə Qurana ziddir. Quranı və Peyğəmbərimizin (səv) sünnəsini rəhbər tutmadıqlarına görə, özlərindən İslama aid olmayan bir çox batil inanc, adət və ibadət formaları uydururlar.

“... Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz...” (Hud surəsi, 92) ayəsində hz. Şueybin öz qövmünə dediyi kimi, bu insanlar Allahı unudur, Onun hökmlərinə deyil, batil inanc və qanunlara tabe olurlar. Qurandakı həqiqətləri görsələr də, öz batil inanclarından əl çəkmirlər. Halal və haramlar şəxsi düşüncələrinə, cəmiyyətə və atalarından öyrəndiklərinə əsasən dəyişir. Quran hökmlərinin yerinə insanların fikirlərinə üstünlük verirlər.

Quranda bu insanların düşüncələri “... Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!...” (Zuxruf surəsi, 23) ayəsində bildirilmişdir.

İnsanlar dünya və axirətdə xilas olmaq üçün yalnız Qurana üz tutmalıdırlar. Çünki Quran Allahın sözüdür və heç dəyişməmişdir. Peyğəmbərimizin (səv) gözəl əxlaqı isə iman gətirənlər üçün ən gözəl nümunədir.