Allah hz. Muhəmmədi (səv) peyğəmbər olaraq seçmiş, ona Quranı vəhy etmiş və ondan sonra peyğəmbər göndərilməyəcəyini Quranda bildirmişdir.

Peyğəmbərimiz (səv) hər zaman Qurana tabe olmuş, insanlara da Quran oxumalarını və yalnız Quranın hökmlərini əsas almalarını nəsihət etmişdir. Ayələrdə belə buyurulur:

De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?” (Ənam surəsi, 50)

Sənə nazil edilən vəhylərə tabe ol və Allah Öz hökmünü verənə qədər səbr et. O, hökmranların ən yaxşısıdır. (Yunus surəsi, 109)

Peyğəmbərimiz (səv) səhabələrinə də Quran oxumalarını və Qurandankənar hökm verməmələrini nəsihət etmişdir:

Sənə Allahdan qorxmağı tövsiyə edirəm. Çünki o qorxu bütün işlərin zinətidir. Sənə Quran oxumağı, Allahı zikr etməyi tövsiyə edirəm. Çünki bu, sənin səmada anılmana səbəbdir. Yer üzündə isə sənin üçün nurdur. (Hz. Əbu Zər (rə) / Ramuz El-Hadis, Ahmed Ziyaüddin, Gümüşhanevi, 1-ci cild, səh. 157, 4-cü maddə)

İnsanlara nə olub ki, Allahın kitabında olmayanları söyləyirlər. Cənabi-Haqqın kitabında yazılmayan qayda, yüz dənə də olsa, batildir. Allahın hökmü əməl etməyə daha layiq, qanunu isə daha sağlamdır. Haqq azad edənindir. (Hz. Aişə (rə) / Ramuz El-Ehadis, 1-ci cild, səh. 82, no 11)

Quranı daşıyan İslamın bayrağını daşıyan kimidir. Kim ona ikram edərsə, Allaha ikram etmiş olar. Kim də onlara xəyanət edərsə, Əziz və Cəlil olan Allahın lənəti onun üzərinə olsun. (Hz. Əbu Bəkr (rə) / Ramuz El-Ehadis, 1-ci cild, səh. 272, no 10)

Hədislərdən göründüyü kimi, Peyğəmbərimiz (səv) yalnız Quranı rəhbər tutaraq möminlərin hər hansı işi yerinə yetirməsini istəmişdir. Əraf surəsinin 203-cü ayəsində Peyğəmbərimizin (səv) “... Mən yalnız Rəbbimdən mənə vəhy olunanlara tabe oluram. Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbər və mərhəmətdir.” dediyi bildirilmişdir. Məsələn, Peyğəmbərimizin (səv) qövmü qadınlar haqqında ondan hökm istəmişdilər. Ayədə isə “... Onlar barəsində hökmü sizə Allah verir...” (Nisa surəsi, 127) cavabı verilmişdir. Peyğəmbərimizdən (səv) mirasla bağlı da hökm istəmişdilər. Bu barədə isə “... Valideyni və övladı olmayan kəsin (mirası) barəsində fitvanı sizə Allah verir...” (Nisa surəsi, 176) ayəsi nazil olmuşdur. Bundan əlavə, hz. Muhəmməd (səv) “... bizə başqa bir Quran gətir və ya onu dəyişdir...” (Yunus surəsi, 15) deyənlərə də belə cavab vermişdir:

... Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram. (Yunus surəsi, 15)

Qısası, Rəsulullahın (səv) sünnəsi Qurandır. Buna görə də Allah imanın şərti olaraq Peyğəmbərimizə (səv) itaətin elə Allaha itaət olduğunu bildirmişdir (Nisa surəsi, 80). Peyğəmbərimizin (səv) sünnəsinə əməl edən, əslində Quranın hökmlərini yerinə yetirmiş olur. Çünki o, hər zaman Qurana əsasən davranıb. Peyğəmbərimiz (səv) bir hədisində belə buyurur:

Mənə itaət edən Allaha itaət etmiş olur. Mənə üsyan edən isə Allaha üsyan etmiş olur. Əmrə itaət edən mənə itaət etmiş, əmrə üsyan edən də mənə üsyan etmiş deməkdir. (Ramuz El-Hadis, Əbu Hüreyrə (rə), 2-ci cild, səh. 405, 5-ci maddə)

Quranda bildirildiyi kimi, Peyğəmbərimiz (səv) möminlərin əziyyətə düşməsini istəmir, onlara şəfqət göstərir (Tövbə surəsi, 128), insanlara yaxşılığı əmr edərək onları ağır buxovlardan xilas etməyə çalışırdı (Əraf surəsi, 157). Bundan başqa, o, insanları pis yoldan çəkindirən, onlara hikməti və kitabı öyrədən yüksək əxlaqlı insan idi (Ali-İmran surəsi, 164).

İnsan Allahın razı olduğu səmimi müsəlman olmaq üçün Quranın hökmlərinə tabe olmalı və hz. Muhəmmədin (səv) sünnəsini qəbul edərək, həyatının hər anında ona əməl etməlidir. Allah Quranda Peyğəmbərimizin (səv) həyatını ətraflı açıqlamışdır. Buna görə də onun həyatını öyrənmək və üstün əxlaqını nümunə götürmək hər müsəlmanın hədəfi olmalıdır. Ayədə peyğəmbərlərin iman gətirənlər üçün gözəl nümunə olduğu belə bildirilmişdir:

Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi, 21)