QURAN ƏXLAQINI YAŞAMAQ ÇOX ASANDIR
Əvvəlki bölmələrdə də qeyd etdiyimiz kimi, Allah Quranı insanlara rəhbər olaraq göndərmiş, onunla ən asan və ən gözəl həyat tərzini bildirmişdir. Quranı oxuduqda İslam dininin çox asan olduğuna şahid oluruq. Bu müjdə bizə “... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir...” (Bəqərə surəsi, 185) ayəsi ilə xəbər verilmişdir.
Quran açıq-aydın öyüddür. Mədəni səviyyəsindən asılı olmayaraq hər yaşdakı insan onu rahatlıqla anlaya bilər. Lakin bəzi insanlar İslamı Qurandan deyil, yalnış mənbələrdən öyrənməyə çalışır, buna görə də dinin çətin olduğunu düşünürlər. Bunun ən böyük səbəblərindən biri isə bilgi azlığıdır.
Dövrümüzdə bəzi insanlar Quran ayələrində bildirilən həqiqətlərdən, axirətin varlığından, sonsuz cəhənnəm əzabından, bənzərsiz cənnət nemətlərindən və Rəbbimizin müxtəlif mövzulardakı tövsiyələrindən xəbərsiz yaşayır. Halbuki Quran insanların onu oxuması, içindəki hikmətləri və həyatın məqsədini öyrənməsi üçün endirilmişdir. Quranda Peyğəmbərimizin (səv) “Və mənə Quran oxumaq (buyurulmuşdur)!..” (Nəml surəsi, 92) dediyi bildirilir.
Quranı oxumaq və ona tabe olmaq hər bir müsəlmanın ən əsas vəzifələrindən biridir. Bir insanın Quranı dərk etməsi Allahın əlindədir və yalnız Allahın hidayət verdiyi insanlar Quran ayələrinin mənasını anlaya bilirlər. Allah səmimi qəlbdən Ona yönələn qullarına hidayət nəsib edəcəyini bildirmişdir. (www.Allahianmaq.com)
Quranı başa düşməyin mümkün olmadığını söyləyən insanlar digərlərinin Allaha yönəlməsinə və Quran əxlaqını yaşamasına mane olmaq istəyirlər. Halbuki Allah Quranda ayələrin çox açıq və başa düşülən olduğunu bildirmişdir:
BBiz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər. (Bəqərə surəsi, 99)
Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik. (Nisa surəsi, 174)
Quran həm aydın və başa düşüləndir, həm də içindəki hökmlərə əməl etmək çox asandır. Allah ayələrdə Quran haqqında belə buyurur:
Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik). (Taha surəsi, 2-3)
İnsan fitrətinə uyğun olan yalnızca Quran əxlaqıdır. İnsanı yaradan Allah onun nəyə ehtiyacı olduğunu, hansı ibadətlərə gücünün çatdığını, necə sağlam və xoşbəxt olduğunu bilir. Allah bir ayədə heç kimə gücü yetdiyindən artıq öhdəlik vermədiyini bildirmişdir:
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi, 286)
Allah Quranda sonsuz mərhəmət və şəfqəti ilə ən gözəl həyat tərzini bildirmişdir. Məsələn, insan sevgi, şəfqət, mərhəmətdən xoşlanır və özünə də hər zaman belə münasibət göstərilməsini istəyir. Zülm, əxlaqsızlıq və pislik kimi neqativ davranışlardan çəkinir, bunlarla qarşılaşmaq istəmir. Bu da Allahın diləməsi ilə olur.
Allah insanları bu fitrətlə yaratmışdır. Buna görə də insan İslam əxlaqından zövq alır. Allah bu həqiqəti “Rum” surəsində belə bildirir:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir. (Rum surəsi, 30)
Digər ayələrdə də İslamın insan üçün ən asan din olduğu qeyd edilmişdir:
... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir... (Bəqərə surəsi, 185)
İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”. (Kəhf surəsi, 88)
Biz Quranı yada salmaq üçün asanlaşdırdıq… (Qamər surəsi, 17)
... O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı... (Həcc surəsi, 78)
Peyğəmbərimizin (səv) sünnəsinə əməl etmək də çox asandır. Quranı özünə rəhbər tutan Rəsulullah (səv) öz qövmünə: “Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin”– deyərək öyüd vermişdir. (Ramuz el-Hadis, 2-ci cild, səh. 510)
Hər bir müsəlman din əxlaqının asan olduğunu insanlara göstərməli, Quranı sevdirməli, Quranı və Peyğəmbərimizin (səv) sünnəsini onlara öyrədərək bunun yeganə xilas yolu olduğunu izah etməlidir.
Qurana tabe olmaq insanların üzərindəki yükü götürər
İnsan Allahın izni ilə dünyaya gəlir və böyüyür. Həyatının hər anında Ona möhtacdır. İnsanın dünyada yeganə yol göstərəni, dostu və yardımçısı daima diri olan, hər şeyi yaradan Allahdır. Dünyadakı bütün insanların Allaha möhtac olduğu bir ayədə belə bildirilir:
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. (Fatir surəsi, 15)
Quran kainatı və canlı-cansız bütün varlıqları yaradan Allahın insanlara göndərdiyi rəhmətdir. Lakin bəziləri Quran əxlaqını yaşamamaq üçün bəhanələr uydururlar. Məsələn, din əxlaqının onlara məhdudiyyət qoyduğunu və istədikləri kimi yaşaya bilmədiklərini iddia edirlər. Bu isə çox yanlış düşüncədir. Çünki din əxlaqını yaşamayan insanlar məhdudiyyətlərlə qarşılaşır, çətinlik və sıxıntı çəkirlər. Quran əxlaqı isə insanlara qarşı edilən zorakılığı, sərt qanunları, lazımsız prinsipləri ortadan qaldırır və onları sıxıntıdan qurtarıb xoşbəxt həyata qovuşdurur.
Allah Peyğəmbərimizin (səv) Quran vasitəsilə insanların üzərindən ağır zəncirləri götürdüyünü bildirmişdir. Ona yardım edən və doğru yola yönələnlər isə xilas olub nemətlərə qovuşacaqlar.
O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf surəsi, 157)
Quran əxlaqını yaşamayan cəmiyyətlərdə isə lazımsız qanunlarla insan həyatı çətinləşdirilir, problemlər isə öz həllini tapa bilmir. İnsanlar öz prinsip və düşüncələrinə əsasən yeni qanun və qadağalar çıxarırlar. Məsələn, halal olan bəzi nemətləri qadağan edir və insanların davranışlarına məhdudiyyətlər qoyurlar. Hər cəmiyyət özünə xas olan mədəniyyətinə və mənfəətlərinə görə qayda-qanunlar çıxarmışdır. Bunlar hər kəs tərəfindən bilinsə də, dilə gətirilmir. Bu cəmiyyətlərdə yaşayan insanlar özlərinin üstün xüsusiyyətlərə sahib olduqlarını digərlərinə göstərməyə çalışırlar. Çünki cəmiyyətin sərt qanunlarına və məhdudiyyətlərinə görə rahat deyib-gülə, istədikləri kimi hərəkət edə bilmir, qınanmaqdan, dedi-qodudan qorxurlar.
Bu insanlar Allahı tanımır, Ona güvənib təslim olmur və Quran əxlaqını yaşamırlar. Buna görə də tənha qalmaqdan, uşaqlarının xəstələnməsindən, mal itkisindən, işlərinin pis getməsindən, yaxşı təhsil ala, gözəl ailə həyatı qura və gələcəklərini təmin edə bilməməkdən, yaşlanmaqdan, qəzadan, şikəst qalmaqdan, eləcə də ölməkdən qorxurlar. Quran əxlaqını yaşamayan insanların bu qorxulardan xilas olması mümkün deyil. Çünki onlar yaxşı ya da pis kimi görünən hər hadisənin Allahın izni ilə baş verdiyini, bir qədərlə və imtahan olaraq yaradıldığını bilmirlər. İnsanlara ruzi verənin, bütün nemət və gözəlliklərin həqiqi sahibinin Allah olduğunu da düşünmürlər. Buna görə də belə cəmiyyətlərdən xaos, qarışıqlıq, ümidsizlik və bədbəxtlik əskik olmur.
Quran əxlaqının yaşandığı cəmiyyətlərdə bunun baş verməməsinin səbəbi isə müsəlmanların gözəl əxlaqıdır. Çünki müsəlmanlar təvəkküllü, səbirli, şəfqətli, mərhəmətli, sevgi dolu, təvazökar və qənaətkar insanlardır. Allahın dinini yaşadıqlarına görə rahat və xoşbəxtdirlər. Yalnız Allahdan qorxur və Onun rizasını hər şeydən üstün tuturlar. Verilən hər nemətin Allahın lütfü olduğunu, hər çətinliyin və yoxluğun isə imtahan olaraq yaradıldığını bilirlər. Çətin anlarda qorxmur və təmkinli davranırlar.
Quranda halal və haramlar açıq-aydın bildirilmiş, Allahın bəyəndiyi əxlaq da təfsilatı ilə izah edilmişdir. Buna görə də möminlər üçün Qurandan və Peyğəmbərimizin (səv) sünnəsindən başqa heç bir qanun yoxdur. Quranda insanların fitrətinə uyğun, onlara xoşbəxtlik, inam və vicdani rahatlıq verən hökmlər yazılmışdır. Buna Peyğəmbərimizin (səv) həyatı ən gözəl nümunədir. Allah ayədə insanların üzərindəki yükü yüngülləşdirmək istədiyini belə qeyd etmişdir:
Allah sizə (şəriət hökmlərini) bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir. Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər. Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır. (Nisa surəsi, 26-28)
Bədiüzzaman Səid Nursi Qurana tabe olan və Allaha səmimi iman gətirən insanın dünyada ikən mənəvi cənnət həyatı yaşayacağını bildirmişdir:
Bu insan aləmini zülmətlər içində gördüyüm zaman qəlbim, ruhum, ağlım və bütün mənəvi duyğularım, bəlkə də vücudumun bütün zərrələri fəryad edərək ağlamağa hazır ikən, birdən Qurandan gələn nur və iman gücü o azğınlıq eynəyini sındırdı, ağlıma göz verdi. Gördüm ki, Cənabi-Haqqın Adil ismi Hakim (əmrləri hikmətli və səhvsiz olan) bürcündə, Rəhman ismi Kərim (hər şeyin yaxşısı; şərəfli və izzətli; möhtərəm, comərd) bürcündə, Rəhim (mərhəmətli, rəhmli) ismi Qafur (mərhəmət edən, günahları bağışlayan) bürcündə, Bais (göndərən, səbəb olan; yenidən yaradan; ölüləri təkrar dirildən; peyğəmbər göndərən) ismi Varis (miras sahibi) bürcündə, Mühyi (dirildən) ismi Mühsin (ehsan edən) bürcündə, Rəbb ismi Malik (sahib; malı əlində saxlayan) bürcündə, yəni mənasında, günəş kimi doğdu. O zülmətli və içində çoxlu aləm olan insan aləminin hamısını birdən aydınlatdılar, şənləndirdilər. Cəhənnəmə bənzər həyatlarını dağıdaraq və nurani axirət aləmindən pəncərələr açaraq o pərişan insan dünyasına nur saçdılar. Kainatın ən kiçik parçalarının sayı qədər “Allaha həmd olsun, Allaha şükürlər olsun” dedim. Eynəl-yəqin (göz ilə görmək dərəcəsində görüb, müşahidə edib bilmək) gördüm ki, imanda mənəvi cənnət, azğınlıqda isə mənəvi cəhənnəm bu dünyada da var; tam və qəti olaraq bildim. (İman ve Küfür Muvazeneleri, səh. 9)
İnsanlar din əxlaqını yaşamadan qətiyyən xoşbəxt ola bilməzlər. Çünki Allah insan fitrətini bu cür yaratmışdır. Axirətdə isə möminlərlə inkar edənlər arasındakı fərq daha da kəskinləşəcək. Hesab günü Qurana tabe olmayan insanlar bədbəxt, iman gətirənlər isə nemətlər içində xoşbəxt olacaqlar.
(Qiyamət) gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq. (Hud surəsi, 105)