RƏBBİNDƏN NAZİL OLUNANI OXU!
Bir çox insan müsəlman olduğunu söyləyir. Lakin bu insanların əksəriyyəti İslam dininin haqq kitabı olan Quranı bir dəfə belə oxumayıblar. Halbuki daha əvvəl də qeyd etdiyimiz kimi, Allah Quran vasitəsilə Özünü bizə tanıtmış, həyatının məqsədini, gözəl əxlaqı və axirəti təfsilatı ilə izah etmişdir. İnsan Allahın ondan istədiklərini bilmədən, ətrafdan eşitdiyi məlumatlarla yaşamamalıdır. Çünki bu, doğru və vicdani davranış deyil. Allah, İsra surəsində Quranı insanların oxunması üçün nazil etdiyini belə bildirir:
Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də ancaq müjdə verən və xəbərdar edən (bir elçi) kimi göndərdik. Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb, tədriclə nazil etdik. (İsra surəsi, 105-106)
Quran üstün bir kitabdır. Quranı oxuyan hər səmimi insan ayələrdəki hikməti və möcüzələri görərək hidayətə gəlir. İnsanlar inansalar da, inanmasalar da Quran Rəbbimizin möcüzəsi və aləmlər üçün öyüd-nəsihətdir. Ayələrdə belə bildirilmişdir:
De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər. Onlar üzüqoylu düşüb ağlayır və (bu ayələr) onların itaətini artırır. (İsra surəsi, 107-109)
İnsan hər yaşda Quranı oxuya və həyatına tətbiq edə bilər. Buna görə də insanlar şeytanın təlqin etdiyi "İndiyə qədər əməl etmədinsə, bundan sonra etsən nə faydası olacaq?" kimi fikirlərə aldanmamalıdırlar. Allah Qatında insanın son andakı vəziyyəti əhəmiyyət daşıyır. Əgər insan həqiqətləri görərək Allaha və Qurana yönəlsə, Allahın rızasını, rəhmətini, cənnətini qazanmaq üçün səy göstərsə, Allah onun tövbəsini qəbul edərək keçmiş günahlarını bağışlayar.
Buna görə də öldükdən sonra sonsuz axirət həyatına başlayacağını bilən, cənnət və cəhənnəmdən xəbərdar olan hər insan vicdanla düşünməli, həyatını necə yaşayacağına qərar verməlidir. Vicdanlı insan Allahın əmrlərinə tabe olaraq Onun rızasını, rəhmətini və cənnətini qazanmağa çalışmalıdır. Allah Quranda belə buyurmuşdur:
Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən. (Kəhf surəsi, 27)